Resurs Tarazlığı 101: Resurs Paylanmasını Necə "Tənzimləmək" Olar?

İstər insanlar, istər materiallar, istərsə də maliyyə vəsaiti olsun – hər bir layihənin uğur qazanmaq üçün resurslara ehtiyacı var. Lakin resursların düzgün idarə olunması layihə idarəetməsində ən çətin sahələrdən biri hesab olunur. Resurslar vaxtında və lazım olduğu kimi əlçatan olmadıqda, layihə əziyyət çəkir – bəzən isə tamamilə uğursuzluğa düçar olur.

Məhz bu nöqtədə resurs tarazlığı (resource leveling) köməyə çatır. Bu üsul layihənin vaxt qrafikini əlçatan resurslara uyğun şəkildə tənzimləməyə kömək edir. Əlavə olaraq, bu yanaşma xərcləri nəzarətdə saxlamağa, maraqlı tərəflərlə münasibətləri qorumağa və layihənin bütöv əhatə dairəsini (scope) çatdırmağa imkan verir.

 

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Resurs Tarazlığı Nədir?

Resurs tarazlığı – layihənin cədvəlini və zamanlamasını mövcud resurslara uyğunlaşdırmaq prosesidir. Layihə rəhbəri istifadə edə biləcəyi resursların “səviyyəsini” dərk etdikdən sonra, iş yükünü layihə məqsədlərinə çatacaq şəkildə yenidən planlaşdırır.

Bu üsul adətən resurs planlaması düzgün getmədikdə istifadə olunur – ki, bu da layihə risklərinin ən yayğın növlərindən biridir.

Məsələn:

Əvvəl sizə vəd olunan resurslar artıq əlçatan deyil?

Resurslar başqa layihəyə yönəldilib?

Tapşırığın ölçüsü əvvəl düşündüyünüzdən daha böyük çıxıb?

Hər üç halda resurs tarazlığı problemi mövcud imkanlara uyğun zaman qrafiki düzəltməklə həll edir.

Amma bu üsul möhkəm tarixə bağlı, vaxtı kritik olan layihələr üçün uyğun deyil. Bu, əsasən büdcəyə həssas olan layihələrdə istifadə olunur – yəni əlavə resurs almaq mümkün deyil və xərclər sabit qalmalıdır.


Real Həyatdan 2 Nümunə

Nümunə 1: Resurs çatışmazlığı

Cavid mobil sifariş tətbiqi hazırlayan bir layihənin rəhbəridir. Planına əsasən, kodlaşdırma mərhələsində iki proqramçı eyni vaxtda 5 gün işləməli idi. Lakin kodlaşdırma başlamamışdan əvvəl onlardan biri qəfil xəstələnir.

Agentlikdə əlavə proqramçı olmadığı üçün, Cavid cədvəli dəyişməli olur. Yeni plana əsasən, bir proqramçı bu işi təkbaşına 10 günə tamamlayacaq.


Nümunə 2: Həddindən artıq yüklənmiş komanda

Şəbnəm tələbələr üçün onlayn investisiya platforması olan “Invest&Go”nun məhsul meneceridir. Komandası 4 nəfərdən ibarətdir və 4 həftəyə planlaşdırılmış sistem yeniləməsini həyata keçirməlidirlər.

İşin ortasında onlar başa düşürlər ki, tapşırığın real həcmi əvvəlki hesablamadan 50% çoxdur. Komanda məqsədə çatmaq üçün gündə əlavə 1 saat işləməyə razılaşır.

Ancaq 4 gündən sonra Şəbnəm görür ki, bu artıq komandanın psixoloji vəziyyətinə mənfi təsir edir. O, qərar verir ki, layihənin tarixini uzatsın və yüklənməni balanslaşdırmaq üçün ümumi müddəti 6 həftəyə çıxarsın.


Resurs Tarazlığı Hansı Hallarda İstifadə Olunur?

Qəti son tarix yoxdur: Layihənin uzadılması mümkündürsə, bu yanaşma resursların idarəsi üçün çox uyğundur.

Layihə əhatə dairəsi azaldılmasın deyə: Digər metodlarda tapşırıqlar azaldılır, amma bu bəzən vədlərin yerinə yetirilməməsi və narazı tərəflərlə nəticələnir. Resurs tarazlığı isə bütün planlaşdırılan işin tamamlanmasına imkan verir.

Həddindən artıq işin qarşısını almaq üçün: “Gəlin bir az daha işləyək” tələsinə düşmək asandır, amma bu komanda üçün tükənmə riski yaradır. Bu üsul isə təmkinli və sağlam yüklənmə ilə işləməyi təmin edir.

Çatdırılacaq işin keyfiyyətini qorumaq üçün: Komanda üzvləri çox yüklənəndə keyfiyyət itə bilər. Zamanın uzadılması ilə işin səviyyəsi yüksəlir və nəticə daha sağlam olur.


Resurs Tarazlığı ilə Resurs Yumşaltması (Smoothing) Arasındakı Fərq

Resurs tarazlığı (leveling):

Zaman qrafikini dəyişərək, resurslara uyğunlaşdırır. Tapşırıqların tarixləri dəyişə bilər, amma əhatə dairəsi qalır.

Resurs yumşaltması (smoothing):

Tapşırıqları və ya layihə əhatəsini azaldaraq, əvvəlki zaman qrafikinə sığdırmağa çalışır. Bu metodla tarix dəyişmir, amma ümumi işin bir hissəsi çıxarılır.

Məsələn, Şəbnəmin komandası 50% əlavə iş olduğunu anlayanda, əgər resurs yumşaltması etsəydi, bəzi funksiyaları çıxarıb, layihəni 4 həftədə tamamlayardı – amma nəticədə bəzi vacib işlər görülməzdi.


Nəticə

Resurs tarazlığı, layihənin uğurla başa çatması üçün vacib strategiyadır. Bu, layihəni:

real resurs imkanlarına uyğunlaşdırır,

komanda üzvlərinin rifahını qoruyur,

keyfiyyətli nəticəni təmin edir,

və maraqlı tərəflərlə güclü etibar yaradır.

Əgər vaxt elastikdirsə, amma büdcə sabitdirsə – resurs tarazlığı doğru seçimdir.


Joel Carboni, 2025

Original məqalə üçün: GPM GLOBAL

Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az – a daxil olun