Layihə İdarəetmə Bir Video Oyun Olsaydı?

Layihəyə başlamaq əslində bir video oyunun əsas menyusuna daxil olmaq kimidir. Ekranda çox şey görünmür, amma seçimlərin çox böyük təsirə malikdir. Layihə idarəetməsində ilk mərhələ sənə sakit və sadə görünə bilər, amma əslində burda verdiyin qərarlar oyunun sonunu müəyyənləşdirir. Layihənin məqsədini düzgün başa düşmək, komandanın kimlərdən ibarət olduğunu təhlil etmək və resursları real vəziyyətə uyğun planlaşdırmaq bu mərhələdə həll olunmalıdır. Oyunlardakı “tutorial” bölməsi bəzən cansıxıcı görünür, amma məhz orda öyrəndiyin bacarıqlar səni növbəti səviyyələrdə qoruyur. Layihədə də bu cürdür: əgər sən başlanğıcda nə etmək istədiyini və niyə etmək istədiyini dəqiq bilmirsənsə, yolda qarşılaşacağın hər yeni tapşırıq sanki oyunu səhv anlayan bir oyunçunun səhv addımı kimi səni təkrara salacaq.

 

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

İrəliləyiş Mərhələsi — Tapşırıqlar, Qərarlar və Gözlənilməzliklər

Layihənin əsas hissəsi oyunçunun artıq əllərinə nəzarəti aldığı andan başlayır. Hər şey real olur, tapşırıqlar gəlir, qərarlar verilir və nəticələr hiss olunur. Bu mərhələ oyunlardakı əsas səviyyələrə bənzəyir — harada ki, artıq strategiya, çeviklik və diqqət əsas rol oynayır. Layihənin gedişatında qarşılaşdığın tapşırıqlar sadə görünsə də, onların biri digərinə təsir edir və bu zəncirin bir halqasındakı problem bütün oyunu poza bilər. Ən çətin anlar isə qəfil dəyişikliklər olur. Müştərinin fikrini dəyişməsi, resursların gecikməsi və ya texniki problemlər oyundakı gözlənilməz “enemy encounter”lar kimidir. Burada sən refleksiv deyil, düşünülmüş qərarlar verməlisən. Oyunu təkrar-təkrar başlamaq istəmirsənsə, layihə boyu hər addımda həm nəticəni, həm səbəbi izləmək məcburiyyətindəsən. Çünki bu mərhələdə səhvlər artıq görünməyə və hiss olunmağa başlayır.


Komanda ilə İrəliləmək — Multiplayer Strategiyasının Gücü

Video oyunlarının ən maraqlı hissələrindən biri multiplayer rejimidir — burada tək deyil, başqaları ilə birlikdəsən. Layihə də eynilə belədir. Tək başına mübarizə aparmağa çalışmaq çox vaxt tükəndirici və nəticəsiz olur. Əsas olan doğru komandanı qurmaq və bu komandanı birgə məqsədə yönəltməkdir. Əgər bir komanda üzvü səssiz qalırsa, bu oyunda “AFK” olmaq kimidir — texniki olaraq ordadır, amma döyüşə töhfə vermir. Komanda içindəki münasibətlər, ünsiyyət və qarşılıqlı etibar layihənin ritmini müəyyən edir. Hər kəs öz rolunu tam və effektiv şəkildə yerinə yetirməlidir, əks halda oyunun tempi pozular. Burada liderin rolu təkcə tapşırıqları bölmək deyil, həm də ruhu qorumaq, temp saxlamaq və insanları bir məqsəd ətrafında toplamaqdır. Komanda ilə birgə oynayan oyunçu həm daha çox öyrənir, həm də daha uzun yaşayır. Layihə də eyni şəkildə — birlikdə idarə olunanda daha davamlı və güclü olur.


Final Döyüşü və Nəticə — Qələbə Yoxsa “Retry”?

Layihənin sonu sanki oyunun son boss’u kimidir. Burada artıq bütün topladığın təcrübə, resurs və strategiya səni son döyüşə hazırlayır. Təhvil mərhələsi bir çox PM üçün sadəcə sənəd göndərmək kimi görünə bilər, amma əslində bu, bir çox kiçik döyüşün yekun nəticəsidir. Müştərinin geribildirimi, komanda daxili analiz, performansın qiymətləndirilməsi — bunlar hamısı bu final mərhələnin bir hissəsidir. Əgər layihənin əvvəlində və ortasında diqqətli olmamısansa, bu mərhələ sənə “retry” düyməsini basmaq məcburiyyəti verə bilər. Amma düzgün idarə olunmuş bir layihənin sonu həm mükafatdır, həm də növbəti oyun üçün “New Game+” rejimidir. Burada qazandığın təcrübə səni növbəti layihələrdə daha hazırlıqlı, çevik və lider ruhlu edir. Qələbə təkcə layihənin tamamlanması deyil, eyni zamanda özünü təkmilləşdirmək üçün bir mərhələdir.


Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər bu linkdən ətraflı məlumat ala bilərlər