Perseptual Xəritə Nədir?

Perseptual xəritə – bir məhsulun və ya xidmətin müştərilər tərəfindən necə qəbul edildiyini vizual şəkildə göstərən alətdir. Əsas məqsəd məhsulun bazardakı yerini müəyyənləşdirmək və onu rəqiblərlə müqayisə etməkdir. Adətən bu xəritələr iki oxlu qrafik şəklində olur: məsələn, bir oxda “qiymət”, digərində isə “keyfiyyət” kimi xüsusiyyətlər olur. Hər bir məhsul bu iki göstəriciyə əsaslanaraq qrafikdə bir nöqtə kimi göstərilir. Beləliklə, istənilən şəxs məhsulun hansı mövqedə dayandığını, rəqiblərlə müqayisədə harada olduğunu və bazarda hansı boşluqların olduğunu asanlıqla görə bilir. Əgər bazarda istifadəçilərin ehtiyaclarını qarşılamayan bir sahə varsa, perceptual xəritə vasitəsilə həmin boşluqları müəyyən etmək və həmin istiqamətdə inkişaf etmək mümkündür.

 

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Bu Xəritə Kimə və Niyə Lazımdır?

Perseptual xəritə məhsul menecerləri, marketinq komandaları və ümumilikdə istənilən məhsul strategiyası ilə məşğul olan şəxslər üçün dəyərli vasitədir. Bu xəritə vasitəsilə sənayenin ümumi mənzərəsini anlamaq olur — hansı məhsullar hansı mövqedədir, hansı sahələr rəqabətli, hansı sahələr isə boşdur. Müştəri ilə aparılan müsahibələr, sorğular və digər məlumat mənbələri çox vaxt dağınıq şəkildə olur. Perseptual xəritə həmin fikirləri bir araya gətirib, strukturlaşdırır və vizual bir forma verir. Bundan başqa, bu xəritə müxtəlif komandalar – məsələn, məhsul və marketinq – arasında əməkdaşlığı gücləndirir. Çünki artıq hamı eyni mənzərəni görür və eyni informasiyaya əsaslanaraq qərar verir. Üstəlik, xəritə məhsulun mövcud mövqeyini görmək və onu strateji olaraq dəyişmək üçün də əla vasitədir.


Perseptual Xəritə Necə Hazırlanır?

Əvvəlcə xəritəni nə məqsədlə hazırladığını müəyyənləşdirmək lazımdır: yeni məhsul üçün mövqe seçimi, mövcud məhsulun yenidən brendinqi, yoxsa rəqiblərin təhlili? Daha sonra istifadəçilər üçün əhəmiyyətli olan atributlar seçilməlidir – məsələn: qiymət, dizayn, funksionallıq və s. Bu atributlara əsaslanaraq həm öz məhsulunu, həm də əsas rəqibləri qiymətləndirməlisən. Dəyərləndirməni real istifadəçi məlumatları əsasında aparmaq tövsiyə olunur: sorğular, intervyular və ya satış sonrası rəylər bu işdə köməkçi ola bilər. Bütün bu məlumatlar toplandıqdan sonra onları xəritədə yerləşdirirsən və nəticədə sənə sadə, ancaq çox şey ifadə edən bir qrafik çıxır. Bu xəritə məhsulun bazardakı vəziyyətini və inkişaf üçün potensial sahələri göstərir.


Nəticə və Tövsiyə

Perseptual xəritə məhsulun və brendin istifadəçi gözündə necə göründüyünü anlamaq üçün əla vasitədir. Bu, sadəcə bir qrafik deyil — bu, məhsulun bazardakı yeri, rəqiblə münasibəti və gələcək imkanların vizual xülasəsidir. Təbii ki, bu xəritə bir dəfə hazırlanıb kənara qoyulmamalıdır. Zamanla müştəri ehtiyacları və bazar şəraiti dəyişir, ona görə də xəritə də mütəmadi olaraq yenilənməlidir. Unutma ki, xəritədə məhsulun harada olduğunu görmək, bəzən xoşuna gəlməyə bilər – amma bu reallıqla üzləşmək və düzgün qərar vermək üçün çox vacibdir. Əgər məhsul strategiyasını təkmilləşdirmək, bazardakı boşluqları tapmaq və ya sadəcə istifadəçi düşüncələrini ümumiləşdirmək istəyirsənsə, perceptual xəritə sənin üçün düzgün başlanğıcdır.