Nailə Məmmədli ilə Cybersecurity və Layihə idarəetməsi
Dilshad İbrahimova: Yeni proqramımızla bağlı planlamalar, tanıtımlar və ümumilikdə marketinq fəaliyyətlərini müzakirə etdiyimiz dövrdə Nailə xanımın adını tez-tez eşidir, onu uzaqdan da olsa tanıyırdım. Daha sonra onu ofisimizə dəvət etdik və üzbəüz tanış olmaq imkanı əldə etdim. İlk andan diqqətimi çəkən onun səmimiyyəti və pozitiv enerjisi oldu. Qısa zamanda aramızda maraqlı və axıcı bir söhbət yarandı. Bu ünsiyyət mənə onu daha yaxından tanımaq və təcrübələrini bölüşmək üçün müsahibəyə dəvət etmək istəyi yaratdı. Elə bu düşüncə ilə bu gün Nailə xanımla həm onun peşəkar yolu, həm də təcrübələri haqqında danışacağıq.
Nailə xanım artıq 17 ildən çoxdur ki, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və layihələrin idarə olunması sahəsində fəaliyyət göstərir. Karyerası ərzində SOFAZ-da informasiya təhlükəsizliyi üzrə mütəxəssis və daha sonra böyük mütəxəssis kimi çalışıb. Əsas fəaliyyət istiqamətləri informasiya təhlükəsizliyi strategiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik risklərinin idarə olunması, əməkdaşların maarifləndirilməsi, informasiya təhlükəsizliyi hadisələrinin araşdırılması və müxtəlif təşkilati layihələrin idarə edilməsindən ibarət olub. Bununla yanaşı, IPMA Level B sertifikatlı Senior Project Manager olaraq həm texniki, həm də biznes yönümlü layihələrin idarə edilməsində geniş təcrübə qazanıb.
Nailə xanım böyük təcrübəniz var, yəqin ki, fərqli layihələr idarə etmisiniz. Hansı növ layihələrdə iştirak etmisiniz?
Nailə Məmmədli: Fəaliyyətim dövründə müxtəlif istiqamətli layihələrdə iştirak etmişəm. Bunlara daxildir:
Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi layihələri;
* SIEM (RSA, Archer) əsasında mərkəzləşdirilmiş kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması – Sifarişçi (İnformasiya təhlükəsizliyi) tərəfindən təyin edilmiş Koordinator/Layihə menecerin vəzifələrini yerinə yetirən;
* İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə – layihənin müəllifi olaraq, onun proqramının sıfırdan hazırlanması və tətbiqi, icrası və icraya nəzarəti, sənədləşmə və finalizasiya. Nəticələr haqqında hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
* SOFAZ-ın yeni inzibati binasının tikinti layihəsi – Layihənin bütün iştirakçıları arasında koordinasiyanı təmin edir, Komissiyanın iclaslarını təşkil edir, protokolları hazırlayır və qəbul edilmiş qərarların icrasına nəzarət edirdim. Layihə üzrə sənəd dövriyyəsini və rəsmi yazışmaları koordinasiya edir, rəhbərlik üçün hesabat və təqdimatlar hazırlayırdım;
* ERP və Elektron Sənəd Dövriyyəsi Sisteminin (EDMS) tətbiqi layihələrində İnformasiya təhlükəsizliyi üzrə işçi qrupunun üzvü kimi iştirak;
* Parallel aparılacaq beynəlxalq MHŞT və IFSWF Forumlarının təşkilinin layihələrin idarəçiliyi – Layihələrinin bütün iştirakçıları arasında koordinasiyanı təmin edir, Komissiyanın iclaslarını təşkil edir, protokolları hazırlayır və qəbul edilmiş qərarların icrasına nəzarət edirdim. Podrad şirkətlərlə bir başa görüşləri idarə edir, işlərin vaxtında və keyfiyyətli aparıldığını nəzarət edirdim. Layihələr üzrə sənəd dövriyyəsini və rəsmi yazışmaları koordinasiya edir, rəhbərlik üçün layihələrin finalizasiya üzrə hesabatları hazırlayırdım.
* İllik büdcələşdirmə, satınalma və tender proseslərinin optimallaşdırılması üzrə daxili transformasiya layihələri.
Bu layihələr həm IT, həm biznes proseslərinin təkmilləşdirilməsi, həm də təşkilati dəyişikliklərin idarə olunmasını əhatə edib.
Dilshad İbrahimova: Bu sahəyə marağınız necə yaranıb, məqsədli şəkildə seçmisiniz, yoxsa hansısa təsadüf sizi bu sahəyə gətirib?
Nailə Məmmədli: Layihə menecmentinə maraq Fondun yeni inzibati binasının tikinti layihəsinə cəlb olunandan sonra yarandı və layihələndirmənin hər sahədə istifadə olunduğunu və bu sahənin çox geniş və maraqlı olduğunu gördüm. İşlədikcə başa düşdüm ki, informasiya təhlükəsizliyi yalnız texnologiya deyil, eyni zamanda risklərin idarə olunması, insanların davranışı və biznes proseslərinin düzgün qurulmasıdır. Bu çoxşaxəli yanaşma məni daha da motivasiya etdi. Sonradan biliklərimi davamlı olaraq inkişaf etdirdim, beynəlxalq sertifikatlar əldə etdim və layihələrin idarə olunması istiqamətində də peşəkar inkişaf etdim. Bu gün artıq bu sahə mənim üçün sadəcə peşə deyil, davamlı öyrənmə və inkişaf tələb edən maraqlı fəaliyyət istiqamətidir.
Dilshad İbrahimova: Geniş təcrübəniz var artıq bu sahədə expertsiz, yəqin ki, işdən kənar layihələrə dəvət alırsınız. Ümumiyyətlə özünüzün rəhbər olduğunuz biznesiniz varmı ya da olmasını istərdinizmi?
Nailə Məmmədli: Hazırda şəxsi biznesim yoxdur və əsas diqqətimi peşəkar fəaliyyətimə yönəltmişəm. Bununla belə, müxtəlif layihələrdə ekspert kimi dəvətləri alıram, peşəkar məsləhətlər vermək, həmçinin təcrübəmi bölüşmək mənim üçün çox maraqlıdır.
Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində layihələrin idarə olunması üzrə təlim və masteklass tipli seminar və təlim proqramlarını hazırlamışam. Hesab edirəm ki, uzun illər ərzində qazandığım praktiki təcrübə bu sahədə təşkilatlara real dəyər verə bilər.
Dilshad İbrahimova: Bir menecer kimi hansı idarəetmə stilindən istifadə edirsiniz?
Nailə Məmmədli: Mən situativ və əməkdaşlığa əsaslanan idarəetmə üslubuna üstünlük verirəm. Hesab edirəm ki, hər layihə və hər komanda fərqlidir, buna görə də vahid yanaşma hər zaman effektiv olmur. İdarəetmədə əsas prinsiplərim bunlardır:
* məqsədlərin və gözləntilərin aydın müəyyən edilməsi;
* komanda üzvlərinə etibar etmək və məsuliyyət vermək;
* açıq və şəffaf kommunikasiya;
* risklərin qabaqcadan müəyyənləşdirilməsi və idarə olunması;
* problemləri operativ həll etmək və qərarları faktlara əsaslanaraq qəbul etmək.
Mənim üçün layihənin uğuru yalnız nəticə ilə deyil, həm də komandanın həmin nəticəyə necə çatması ilə ölçülür.
Dilshad İbrahimova: Bu sahəyə yeni başlayan birinə nə məsləhət verərdiniz?
Nailə Məmmədli: Ən vacib məsləhətim odur ki, yalnız nəzəri biliklə kifayətlənməsinlər. Praktiki təcrübə qazanmağa çalışsınlar, müxtəlif layihələrdə icraçı vəzifələrdən (Layihə menecerin köməkçisi, coordinator, kler, document-kontrolinq və s.) başlayaraq iştirak etsinlər və daim öz üzərlərində işləsinlər.
Bundan əlavə:
* layihələrin idarə olunmasının beynəlxalq standartlarını öyrənsinlər;
* kommunikasiya və təqdimat bacarıqlarını inkişaf etdirsinlər;
* riskləri analiz etməyi öyrənsinlər;
* yeni texnologiyaları, xüsusilə süni intellekt və kibertəhlükəsizlik sahəsindəki yenilikləri daim izləsinlər;
* çətinliklərdən çəkinməsinlər, çünki ən böyük təcrübə məhz real layihələr zamanı qazanılır.
Dilshad İbrahimova: Nailə xanım, dəyərli fikirlərinizi və təcrübələrinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik. Sizinlə bu müsahibə həm bizim, həm də oxucularımız üçün olduqca faydalı və maraqlı oldu.
